
Yarasaların radarı 
					  Yarasalar çox qəribə varlıqlardır. Onları qəribə edən  xüsusiyyətlərinin başında isə, fövqəladə istiqamət tapma qabiliyyətləri gəlir. 
					  Yarasaların bu qabiliyyəti, elm adamları tərəfindən  aparılan bir sıra təcrübələr sayəsində ortaya çıxarıldı. Bu canlıların quruluşundakı  fövqəladə dizaynı görmək üçün, bu təcrübələrə bir az nəzər yetirək:   
					  Bu təcrübələrin ilkində, yarasa tamamilə qaranlıq  bir otağa buraxıldı. Eyni otağın bir küncünə isə yarasanın qidası olan bir milçək  yerləşdirildi. Bu andan etibarən otaqda olub bitənlər isə gecəgörmə kameralarıyla  izlənildi. Milçək qanadlarını havada hələ təzə çırpmağa başladığı anda, otağın  bir küncündən sürətlə hərəkətə başlayan yarasa düz milçəyin yanına gəlib onu  ovladı. Tədqiqatçılar bu təcrübə sayəsində yarasaların qaranlıqda belə işləyən  çox güclü bir hissetmə qabiliyyətinin olduğu nəticəsinə gəldilər. Amma görəsən yarasanın  bunu hissetməsi, onun eşitmə duyğusundanmı, yoxsa sahib olduğu bir gecə görmə  sistemindənmi qaynaqlanırdı. 
  Məhz bunun üçün ikinci bir təcrübə aparıldı.  Eyni otağın bir küncündə, yerə bir qrup tırtıl buraxıldı və üzərlərinə bir qəzet  səhifəsi örtüldü. Sərbəst qalan yarasa, heç vaxt itirmədən, yerdəki qəzet səhifəsini  qaldıraraq tırtılları yedi. Bu, yarasanın istiqamət tapma qabiliyyətinin görmə  hissiylə əlaqəli olmadığını göstərirdi. 
					  Elm adamları yarasalarla əlaqədar təcrübələrinə  davam etdilər: Yeni təcrübə uzun bir koridorda aparıldı. Bir uca yarasa, digər  uca isə yem olaraq bir qrup kəpənək yerləşdiriləcəkdi. Ancaq bundan əvvəl  koridoru eninə kəsən, bir-birinə paralel divarlar inşa edildi. Daha sonra da bu  divarların hər birində ancaq bir yarasanın keçə biləcəyi böyüklükdə təkcə bir deşik  açıldı. Amma dəliklər hər divarın fərqli bir yerində idi. Yəni yarasanın bu  divarlardan keçməsi üçün sanki "slalom" yarışı keçirən xizəkçilər  kimi daimi manevrlər etməsi lazım gələcəkdi. 
					  Zülmət qaranlıq koridorun başındakı yarasanın sərbəst  buraxılmasıyla birlikdə elm adamları müşahidələrinə başladı. Yarasa birinci  divara çatanda düz deşiyə tərəf hərəkət edərək buradan asanlıqla keçdi. Bundan  sonrakı hər divarda eyni şey müşahidə edildi: Yarasa nəinki divara dəymədi, hətta  divar səthindəki deşikləri axtarmağa belə ehtiyac duymadı. Son divarı da  rahatlıqla keçən yarasa burada tutduğu kəpənəklərlə qarnını doyurdu. 
					  Bu vəziyyət qarşısında təəccüblərini gizlədə bilməyən  elm adamları yarasanın bu xüsusiyyətindəki həssaslığı anlamaq üçün son bir təcrübə  daha aparmağa qərar verdilər. Bu dəfə məqsəd yarasanın hissetmə hüdudlarını  daha konkret müəyyənləşdirməkdi. Yenə uzun üstüörtülü bir keçid inşa edildi və bu  üstüörtülü keçid boyunca da tavandan yerə doğru 0,6 mm qalınlığında, dağınıq  halda gərilmiş polad tellər çəkildi. Yarasa, təcrübəçiləri bir dəfə daha təəccübləndirərək,  gərilmiş tellərin heç birinə ilişmədən, bir dəfəyə aralarından keçərək səfərini  müvəffəqiyyətlə tamamladı. Yarasanın bu uçuşu 0,6 mm qalınlığındakı telləri belə  uzaqdan hiss etdiyini göstərirdi. Daha sonra aparılan digər tədqiqatlar,  yarasaların bu inanılmaz hiss etmə qabiliyyətlərinin sahib olduqları bir hidrolokasiya  sisteminə bağlı olduğunu göstərdi. Yarasalar ətraflarındakı cisimləri hiss etmək  üçün yüksək tezlikli səs dalğaları yayırlar. İnsanlar tərəfindən eşidilməyən bu  dalğaların əks-sədaları yarasa tərəfindən hiss edilir və beləliklə də heyvan  içində olduğu mühitin bir növ "xəritə"sini  hazırlayırdı.(30)  Yəni yarasanın havada uçan kiçik bir milçəyi  hiss etməsi çıxardığı səslərin milçəyə dəyib geri qayıtmasıyla yaranan əks-sədaya  əsaslanırdı. Bu sistemin nə məna verdiyini bir qədər düşünək. Yarasanın hidrolokatorla  istiqamət müəyyənləşdirməsi yaydığı səslərin özünə geri qayıtma müddətləri  arasındakı fərqi hesablaması sayəsində mümkün olur. Məsələn, yarasanın qaranlıq  və boş bir otaqda yerdəki tırtılı ovlaması təcrübəsini xatırlayaq. Yarasanın  tırtılın varlığını hiss etməsi belə reallaşır: Yarasa cır səslə çığırır və özünə  gələn əks-sədalara görə otağının formasını müəyyənləşdirir. Yarasanın qışqırığı  otağın döşəməsinə dəyib geri qayıdır, yarasa da bu gedib-gəlmə müddətinə görə döşəmənin  özündən olan uzaqlığını müəyyənləşdirmiş olur. Tırtıl isə, otağın döşəməsi üzərində  0,5 ya da 1 sm-ə qədər yüksəklik meydana gətirər. Yəni tırtıl yarasaya döşəmədən  0,5 ya da 1 sm. qədər daha yaxındır. Həmçinin tırtıl çox yavaş da olsa hərəkət  edir, bu da özünə dəyib əks olunan dalğaların tezliyini dəyişdirir. Yarasa, bu  kiçik fərqləri belə hiss edərək yerdə bir tırtıl olduğunu anlaya bilər. Yarasa  bu işi saniyədə 20 min dalğa yayıb, bunların hamısının əks-sədalarını analiz edərək  görər. Üstəlik bu işi görərkən hərəkət halındadır. Bütün bunlar düşünüldükdə, bunların  ağıllara durğunluq verəcək bir möcüzə olduqları aydın olar. 
					  Yarasanın hidrolokatorunun sisteminin daha da fövqəladə  bir tərəfi vardır. Yarasanın eşitmə sistemi yalnız öz səsini eşidəcək şəkildə  yaradılmışdır. Heyvanın qəbul edə bildiyi tezlik intervalı çox kiçikdir, yəni  ancaq müəyyən tezlikdəki səsləri qəbul edə bilər. Ancaq məhz bu nöqtədə çox əhəmiyyətli  bir problem ortaya çıxır. Dopler effekti deyilən fizika qanununa görə, hərəkət  halındakı cismə dəyən səsin tezliyi dəyişir. Buna görə də, yarasa özündən  uzaqlaşan bir milçəyə doğru səs dalğalarını yaydığında, qayıdan səs dalğalarının  tezliyi yarasanın eşidə bilmədiyi bir intervala düşəcək. Bu səbəblə də yarasa hərəkətli  cisimləri hiss etməkdə böyük çətinliklər yaşamalıdır. 
    Amma belə olmaz. Yarasa hər cür cismi mükəmməl  şəkildə hiss etməyə davam edər. Çünki yarasa, Dopler effektini bilirmiş kimi, hərəkət  halındakı cisimlərə doğru göndərdiyi səs dalğalarını dəyişdirər. Məsələn, özündən  uzaqlaşan milçəyə ən yüksək tezlikli səs dalğasını göndərər ki, səs geri qayıtdıqda  eşitməyəcəyi qədər aşağı bir tezliyə enməsin. 
					  Bəs onda bu tənzimləmə əməliyyatı necə baş verir? 
					  Yarasanın beynində, hidrolokasiya sisteminə nəzarət  edən iki fərqli tipdə neyron (sinir hüceyrəsi) vardır; bunlardan biri əks  olunan ultrasəs dalğalarını hiss edər, digəri bəzi əzələlərə əmr verərək  yarasanın çığırmasını təmin edər. Bu iki neyron beyində koordinasiyalı şəkildə çalışar;  belə ki, əks-sədanın tezliyi dəyişəndə, birinci neyron bunu hiss edər və  ikinci neyrona təzyiq göstərərək və ya onu xəbərdar edərək, qışqırığın tezliyinin  əks-sədanın tezliyinə uyğun gəlməsini təmin edər. Nəticədə mühitin vəziyyətinə  görə yarasanın qışqırığının tezliyi dəyişər və ən səmərəli şəkildə istifadə edilər. 
    Bütün bu sistemin təkamül nəzəriyyəsinin  "təsadüf" açıqlamasına endirdiyi zərbəni görməmək isə qeyri-mümkündür.  Yarasadakı hidrolokasiya sistemi olduqca kompleks bir quruluşdur və əsla təsadüfi  mutasiyalarla açıqlana bilməz. Sistemin işləyə bilməsi üçün, onun bütün incəlikləriylə  və qüsursuz şəkildə var olması zəruridir. Yarasa həm yüksək tezliklərdə səs  yayan struktura, həm bu səsləri qəbul edib, analiz edəcək orqanlara, həm də hərəkət  dəyişikliklərinə görə tezliyi tənzimləyən sistemə sahib olmalıdır ki, sahib  olduğu hidrolokator sistemi işə yarasın. Əlbəttə ki, bütün bunlar təsadüflərlə  açıqlana bilməz və yarasanın qüsursuz bir şəkildə Allah tərəfindən  yaradıldığını göstərər. 
					  Elmi tədqiqatlar, yarasalardakı yaradılış möcüzələrinin  yeni nümunələrini ortaya çıxarır. Ortaya hər yeni möcüzə çıxdıqda isə, elm  dünyası bu fövqəladə sistemlərin necə işlədiyinin sirrini açmağa çalışır. Məsələn, ötən illərdə yarasalarla əlaqədar olaraq aparılan  yeni bir tədqiqat ortaya çox maraqlı nəticələr çıxardı:  Mağarada yaşayan bir yarasa qrupunu tədqiq etmək  istəyən elm adamları, qrup üzvlərinin bəzilərinə ötürücülər yerləşdirdilər. Gecə  olduqda yarasalar çölə çıxaraq, gün doğana qədər gəzib qida ehtiyaclarını ödədilər.  Elm adamları əllərindəki qəbul edicilərlə saatlar boyu davam edən bu səfəri izlədilər.  Yarasaların vaxtaşırı şəkildə etdikləri bu səfərdən ötrü mağaradan 50-70 km qədər  uzaqlaşdıqları müəyyənləşdirildi. Ancaq elm adamlarını təəccübləndirən əsl şey,  günəşin doğulmasına yaxın yarasaların qayıtmağa başlaması oldu. Yarasalar  qayıdarkən olduqları yerdən bilavasitə yuvalarına doğru uçdular. Bəs onda  yarasalar mağaradan hansı istiqamətdə və nə qədər aralı olduqlarını necə  bilirdilər?. 
    Belə bir uçuşda istiqamətin necə təyin  olunduğuna dair ətraflı məlumatlar hələ də əldə edilə bilmədi. Elm adamları, bu  uçuşu həyata keçirən yarasaların eşitmə hissiyatının belə bir səfərdə elə də  çox funksiya yerinə yetirə bilməyəcəyini düşünürlər. Eyni elm adamları,  yarasaların kor olduqlarını da xatırladaraq, hər an özlərini təəccübləndirəcək  qədər üstün olan yeni bir sistemlə qarşılaşa biləcəklərini ifadə edirlər. Bir  sözlə elm, yarasa adını verdiyimiz canlılarda yeni yaradılış möcüzələri tapmağa  davam edir. 
                    
ELEKTRİKLİ BALIQLAR
                    İlan balığının elektroşok silahı 
                      Boyları bəzən 2 metrə qədər uzana bilən elektrikli  ilan balıqları Amazon bölgəsində yaşayar. Bu balıqlarda bədənin üçdə ikisini əhatə  edən və sayı 5000-dən 6000-ə çatan təbii elektrik plitələri vardır. Bunların  meydana gətirdiyi elektrik gərginliyi 500 volt, şiddəti isə 2 amperdir. Bu, televizorunuzu  işlətmək üçün istifadə etdiyiniz elektrik yükündən daha da güclü bir elektrik  yüküdür. 
                      Elektrik istehsal etmək qabiliyyəti, bu heyvana həm  müdafiə, həm də mükəmməl bir hücum vasitəsi olaraq verilmişdir. Balıq, bədənində  istehsal etdiyi bu elektriki düşmənlərini şoka salıb öldürməkdə istifadə edir.  Balıqdan qaynaqlanan elektrik şoku 2 metr məsafədəki iribuynuzlu bir heyvanı  belə öldürə biləcək gücdədir. Balığın elektrik istehsal etmə mexanizmi saniyənin  mində ikisi və ya mində üçü qədər qısa bir müddətdə dövrəyə girər. 
                      Heyvanın bu cür böyük bir enerjiyə sahib olması həqiqətən  böyük bir yaradılış möcüzəsidir. Sistem son dərəcə mürəkkəbdir və "mərhələli  şəkildə" inkişaf etməsi kimi bir ehtimaldan da söhbət gedə bilməz. Çünki  balığın elektrik sistemi, tam olaraq işləmədiyi müddətcə, ona heç bir üstünlük  verməyəcək. Digər bir sözlə, bu sistemin hər hissəsi eyni anda qüsursuz bir şəkildə  yaradılmışdır. 
Elektrik sahəsi sayəsində "görən" balıqlar 
                      Təbiətdə yüksək elektrik yükləri ilə silahlanmış balıqlarla  yanaşı, iki ya da üç volt kimi çox aşağı siqnallar yayan balıqlar da vardır. Ov  etmək və ya müdafiə olunmaq işinə yaramayan bu zəif siqnallar görəsən nə işə  yarayır?. 
                      Bu balıqlar zəif elektrik siqnallarından bir duyğu  orqanı kimi faydalanar. Allah, balıqların bədənində, siqnalları yaya bilən və  bunları hiss edə bilən bənzərsiz bir duyğu sistemi yaratmışdır.
                      Balıq, yaydığı elektrik yükünü quyruğunda yerləşən xüsusi  bir orqanda istehsal edər. Bu elektrik yükü, heyvanın bədəninin arxa hissəsinə paylanmış  minlərlə dəlikdən siqnallar halında yayılır. Bu siqnallar balığı əhatə edən  suda ani bir elektrik sahəsinin meydana gəlməsinə səbəb olar. Balığın yaxınlığındakı  obyektlər isə, bu sahənin formasının pozulmasına səbəb olar. Balıq bu  pozulmaları dərhal tiplərinə görə şərh edərək, ətrafdakı obyektlərin böyüklüyü,  keçiriciliyi və hərəkəti haqqında məlumatlar əldə edər. Balığın bədənində, ətrafdakı  elektrik sahəsinin yayılma arealını bir radar kimi daimi surətdə yoxlayan  elektrik qəbulediciləri vardır. 
                      Bir sözlə, bu balıqların bədənində ətrafa daimi surətdə  elektrik siqnalları yayan, bir tərəfdən də bu siqnalların dəydiyi cisimləri şərh  edən təbii bir radar vardır. İnsanların istifadə etdikləri radarların nə cür  kompleks cihazlar olduqlarını düşündüyümüzdə, balığın bədənindəki yaradılışın mükəmməlliyi  də ortaya çıxar. 
Xüsusi məqsədli qəbul edicilər 
                      Elektrikli balıqların bədənlərində müxtəlif tipdə reseptorlar  vardır. “Lampaya bənzər” deyə adlanan reseptorlar, digər balıqların üzmə əzələlərinin  və böcək sürfələrinin yaydığı alçaq tezlikli elektrik siqnallarını qəbul edər.  Bu cür qəbuledicilər heyvanın, ov və ovçular haqqında məlumatlanması üçün faydalıdır.  Bu reseptorlar o qədər yüksək həssaslığa malikdirlər ki, yerin maqnit sahəsini  belə qəbul edərlər. 
                      Ancaq lampaya bənzər deyə adlanan qəbuledicilər,  heyvanın özünün yaydığı yüksək tezlikli siqnalları qəbul edə bilməz. Bu vəzifə “yumrulu”  deyilən xüsusi reseptorlar tərəfindən yerinə yetirilir (bunlara ingiliscə “tuberous  receptor” deyilir). Bu reseptorlar, balığın ətrafa yaydığı elektrik  siqnallarını hiss edən və bu siqnallara görə bir növü ətraf mühitin xəritəsini hazırlayan  radar xüsusiyyətli reseptorlardır. 
                      Bu balıqlar sahib olduqları sistem sayəsində, bir tərəfdən  həmcinslərinə asanlıqla çata bilər, digər tərəfdən də bir-birlərini təhlükələrə  qarşı xəbərdar edə bilər. Bununla bərabər növ, yaş, böyüklük və cinsiyyətlə  bağlı məlumatları da alıb verə bilər. 
Cinslər arasındakı fərqi xəbər verən siqnallar 
                      Hər elektrikli balıq növünün özünə məxsus bir  siqnalı vardır. Hətta eyni növdəki balıqların siqnallarında belə bəzi fərqlər  müşahidə olunur, ancaq ümumi struktur eynidir. Lakin hər fərddə özünəməxsus bəzi  incəliklər vardır. Bir dişi balıq bir erkək balıqla qarşılaşdığında siqnallardakı  bu fərqi dərhal anlayar ve qarşısındakının cinsiyyətini öyrənib ona görə  davranar. 
Balıqların yaşını xəbər verən siqnallar 
                      Elektrik siqnalları balıqların yaşlarıyla əlaqədar  məlumatları da özündə saxlayır. Yumurtadan yeni çıxan bir elektrikli balığın  siqnalları yaşlılardan çox fərqlidir. Siqnallar doğumdan sonrakı on dördüncü  günə qədər bu 'uşağa bənzər' formalarını saxlayar, daha sonra yetkin balığın  normal siqnallarına çevrilər. Yeni doğulmuş balıqlara xas bu siqnallar,  balıqların çox kompleks analıq-atalıq davranışlarının tənzimlənməsində əhəmiyyətli  rol oynayar. Ata, itən balasını siqnallarından tanıyaraq yuvaya geri qaytara  bilər. 
Həyati fəaliyyətlər də siqnallarla bildirilir 
                      Balıqlar, cinsiyyət və yaşla əlaqədar məlumatlarla  yanaşı, daha kompleks olan başqa məlumatları da yenə elektrik siqnalları ilə  çatdıra bilər. Elektrikli balıq növlərinin hamısında qorxutma mesajları,  tezliyin birdən birə artması ilə verilir. Məsələn, normal vaxtlarda 10 hs  tezlikli, yəni saniyədə 10 siqnal yayan mormirlər, bəzən qısa bir müddət ərzində,  siqnal tezliklərini 100-120 hs-ə çatana qədər sürətləndirə bilərlər. Hərəkətsiz  bir mormir, yaydığı qorxuducu elektrik siqnalları ilə düşməninə üzərinə hücum  etmək üzrə olduğunu xəbər verər. Bu davranış, hücuma hazırlaşan bir insanın  yumruğunu sıxması kimidir. Bu qorxutma siqnalı çox vaxt qarşı tərəfi çəkindirəcək  qədər təsirlidir: Düşmən, qısa bir müddət üçün öz siqnalını kəsərək baş əydiyini  göstərər. Aralarında döyüş baş verdisə və düşmən yaralandısa, yaralı təxminən 30  dəqiqə yaydığı siqnalı dayandıracaqdır. Sakitləşən və ya döyüşü dayandıran  balıqlar, çox vaxt hərəkətsiz qalarlar. Bunun bir məqsədi, yerlərinin müəyyənləşdirilməsini  çətinləşdirməkdir. Digər məqsəd isə, siqnal yaratmayıb elektriki cəhətdən kor  olduqları üçün, ətrafdakı maneələrə çarpmamaqdıır. 
Siqnalların qarışmasının qarşısı alan xüsusi sistem 
                      Bəs görəsən bir elektrikli balıq, özüylə eyni  siqnalları yaradan digər bir balıqla yan-yana gəlsə nə baş verəcəkdir?.  Siqnallar bir-birinə qarışacaq və balıqların radarı işə yaramaz hala mı gələcəkdir?.  Normalda belə olmalıdır. Amma elektrikli balıqlar bu qarışıqlığın qarşısını  alacaq, təbii bir müdafiə sistemiylə birlikdə yaradılmışlar. Mütəxəssislər bu  sistemə "qarışıqlığın qarşısını alma reaksiyası", qısa şəkildə JAR  (Jamming Avoidance Response) adını verirlər. Bu sistemə görə, bir balıq özüylə  eyni tezlikdə siqnal yayan digər bir balıqla qarşılaşdığında, özünün yaydığı siqnal  tezliyini dərhal dəyişdirir. Qarışıqlığa qarşı tədbir, qarışıqlıq mənbəyi olan  balıq hələ çox uzaqda olarkən görülməyə başlanılar. Beləliklə də siqnallardakı  qarışıqlıq, heç vaxt yüksək səviyyəyə çata bilməz. 
                      Bütün bu məlumatlar, elektrikli balıqların fövqəladə  dərəcədə kompleks bədən sistemlərinə sahib olduğunu göstərir. Bu sistemlərin mənşəyi  isə əsla təkamüllə açıqlana bilməz. Belə ki, Darvin, “Növlərin mənşəyi” adlı  kitabının "Nəzəriyyənin çətinlikləri" başlıqlı hissəsində bu  canlılardan bəhs etmiş və bunları nəzəriyyəsinə görə açıqlaya bilmədiyini qəbul  etmişdir. Darvindən indiyədək keçən zaman ərzində isə,  elektrikli balıqların Darvinin zənn etdiyindən daha kompleks bir dizayna sahib  olduqları aydın olmuşdur. 
                      Aydındır ki, elektrikli balıqlar da digər bütün  canlılar kimi, Allah tərəfindən qüsursuz şəkildə yaradılmışdır və bizə özlərini  yaratmış olan Allahın varlığını və sonsuz elmini göstərirlər. 
Delfinin kəlləsindəki hidrolokator
                       
                      Bir delfin, zülmət qaranlıqdakı suda özündən 3 km  uzaqda yan-yana dayanan iki ayrı metal pulu bir-birindən ayırd edə bilər. Görərəkmi?.  Xeyr, bunu gözləri ilə etməz. Kəllənin altında yerləşən mükəmməl dizayn olunmuş  hidrolokasiya sistemi, ona bu kimi dəqiq təsbitlər etmə imkanı verir. Beləliklə  də, cisimlərin forması, böyüklüyü, sürəti və strukturları haqqında çox ətraflı  məlumatlar əldə edə bilər. 
                      Bir delfinin bu hidrolokasiya sistemindən istifadə  etməyi öyrənməsi vaxt ala bilər. Təcrübəli bir delfin üçün göndərdiyi bir neçə  "siqnal" nəticə almasına kifayət etdiyi halda, gənclərin obyektləri müəyyənləşdirmələri  üçün illərlə təcrübə aparmaları lazım gələ bilər. 
                      Delfinlər hidrolokatorlarından yalnız ətrafları  haqqında məlumat toplamaq üçün istifadə etmir. Bəzən 3-4 delfin bir balıq  sürüsünün ətrafında üzər. Bu əsnada hamısı birdən yüksək səs dalğaları yayar.  Bu dalğalar balıqların səndələməsinə səbəb olacaq qədər şiddətlidir. Delfinlərin  bundan sonra görəcəkləri tək iş, səndələnən balıqları rahatlıqla ovlayıb yeməkdir.  Yetkin bir delfin, insan qulağının eşidə bilməyəcəyi böyüklükdə (20 000 hers və  daha artıq) səs dalğaları yayır. Bu dalğalar başının ön hissəsində yerləşən və  "melon (qovun)" adlanan bir bölgədən qaynaqlanar. Heyvan başını hərəkət  etdirərək dalğaları istədiyi istiqamətə doğru yönəldə bilər. Hidrolokator  dalğası bir maneə ilə qarşılaşdığı zaman, dərhal əks olunaraq geri qayıdar. Alt  çənə, reseptor vəzifəsi yerinə yetirərək əks-sədanı daxili qulağa ötürər. Alt çənə  ilə daxili qulaq arasındakı sinus boşluqları isə, "lipid" adı verilən  bir yağ birləşməsi ilə doludur. Bu yağ dalğanın qulağa ötürülməsi məqsədilə  oraya yerləşdirilib. Daxili qulaq məlumatları beyinə göndərir. Bu məlumatlar  beyində təhlil edilir və şərh olunur. Bənzəri lipid strukturları balinalardaki hidrolokatorlarda  da mövcuddur. Əks olunan dalğalar fərqli lipidlərdən keçərkən fərqli xüsusiyyətlər  göstərər. Bu xüsusiyyətlər qayıdan dalğaların şərh olunmasında açar rolunu  oynayır. Lipidlər əks olunan dalğalardan istifadə edə bilmək üçün, doğru forma  və sırada yerbəyer edilmək məcburiyyətindədirlər. Hər bir lipid özünə məxsus xüsusiyyətlərə  sahibdir və normal balina yağından fərqlidir. Hər lipid çox sayda fermentin  istifadə etdiyi kompleks kimyəvi əməliyyatlar nəticəsində yaradılır. Delfinin  bu hidrolokasiya sisteminin təkamül nəzəriyyəsinin iddia etdiyi kimi mərhələli  şəkildə meydana gəlməsi qeyri-mümkündür. Çünki lipidlər, tam şəkildə yaranana,  doğru yerə və formaya gələnə qədər, işə yaraya bilməzlər. Balığın hidrolokasiya  sisteminin işləməsi üçün alt çənəsinin, daxili qulaq sisteminin və beyindəki  analiz mərkəzinin də qüsursuz şəkildə işləməsi lazımdır. Sistem "sadələşdirilməz  kompleks" bir quruluşa malikdir və bu da mərhələli şəkildə meydana gəlməsinin  qeyri-mümkün edir. Buna görə də, bu sistemin qüsursuz bir şəkildə Allah tərəfindən  yaradılmış olduğu açıqdır. 
Bir ünsiyyət anının hekayəsi 
                    Düşünsəniz, bir çox dəfə tanış biriylə üz-üzə gəlib  salamlaşdığınızı xatırlayarsınız. Bəs sizin üçün bir-iki saniyəlik bir müddət  olan bu hadisənin, olduqca uzun və mürəkkəb bir hekayəsinin olduğunu  bilirdinizmi?. 
                      Bir axşamüstü dəniz sahilində iki adamın ayrı-ayrı  oturduqlarını fərz edin. Yaxşı dost olmalarına baxmayaraq, hələ də bir-birlərini  görməyiblər. Adamlardan birinin, hələ də görmədiyi dostuna doğru üzünü çevirməsi,  bir biokimyəvi hadisələr zəncirini başladar: Dostunun bədənindən əks olunan  işıq, saniyədə 10 trilyon foton (işıq hissəciyi) keçəcək şəkildə göz bəbəyinə  çatar. İşıq əvvəlcə bu göz büllurunun daha sonra da göz yuvalarını dolduran  mayenin içindən keçər və torlu qişanın üzərinə düşər. Torlu qişanın üzərində,  "konus hüceyrələr" və "çubuq hüceyrələr" deyə adlandırılan  təxminən yüz milyon hüceyrə vardır. Çubuq hüceyrələr işıqlıq və qaranlığı ayırd  edə bildiyi halda, konus hüceyrələri rəngləri seçə bilər. 
                      Çöldəki cisimlərə görə, torlu qişanın fərqli nöqtələrinə  fərqli işıq seli düşər. Nümunəmizdəki adamın dostunu gördüyü anı düşünək. Dostunun  üzündəki bəzi nöqtələr, məsələn, tünd rəngli qaşları, torlu qişadakı bəzi  hüceyrələrə çox zəif bir işıq düşməsinə səbəb olar. Bu hüceyrələrin yanında yerləşən  digər bir qrup hüceyrə isə, dostunun alnından gələn işıqla təmasda olur, yəni  daha çox işıq alır. Dostunun bütün üz cizgiləri, ətrafdakı digər təfərrüatlar də  daxil olmaqla, bu şəkildə torlu qişanın fərqli hüceyrə qruplarına fərqli  işıqlar salar. 
                      Bəs torlu qişanın üzərinə düşən bu işıqlar necə bir  təsir meydana gətirər?. 
                      Bu sualın cavabı həqiqətən də çox mürəkkəbdir və  başa düşülməsi də bir qədər çətindir. Amma gözdəki fövqəladə dizaynı araşdıra  bilmək üçün, bu cavabı araşdırmağımız yerində olacaq. 
Görmənin kimyəvi tərkibi
                      Fotonlar torlu qişadakı hüceyrələrə toxunduqlarında,  sanki bir-birinin ardınca məharətlə düzülmüş domino daşlarını hərəkətə keçirər.  Bu domino daşlarının ilki, "11-cis-retinal" adı verilən və  fotonlardan təsirlənən bir molekuldur. Həmin bu molekul, özünə foton isabət  etdiyi anda formasını dəyişdirər. Ardınca isə 11-cis-retinala bağlı olan  "rodopsin" adlı zülalın da forması dəyişər. Rodopsin bu sayədə, daha əvvəl  hüceyrənin içində mövcud olan, amma qeyri-uyğun formasından ötrü qarşılıqlı təsir  prosesinə girə bilmədiyi "transdusin (ingiliscə transducin)" adlı  başqa bir zülalla birləşə biləcək hala gələr. 
                      Transdusin, rodopsinlə reaksiyaya girmədən əvvəl  QDF adlı başqa bir molekula bağlanmış vəziyyətdədir. Rodopsinə bağlandığı anda,  QDF-dən ayrılır və QTF adlı yeni bir molekula bağlanır. Artıq 2 zülal (rodopsin  və transdusin) və bir kimyəvi molekul (QTF) bir-birinə bağlanmış vəziyyətdədir.  Bu yeni quruluşa "QTF-transdusinrodopsin" adı verilər. 
                      Ancaq hələ əməliyyat yeni başlamışdır. QTF-transdusinrodopsin  adlı yeni birləşmə, hüceyrənin içində əvvəlcədən mövcud olan "fosfodiesteraz"  adlı başqa bir zülalla bağlanmaq üçün uyğun bir quruluşdadır. Bu bağlanma əməliyyatı  vaxt itirilmədən dərhal reallaşar. Bu bağlanma əməliyyatının nəticəsində isə  fosfodiesteraz zülalı, yenə daha əvvəldən hüceyrə içində mövcud olan sQMF adlı  bir molekulu parçalama xüsusiyyəti qazanır. Bu əməliyyat bir neçə ədəd deyil,  milyonlarla zülal tərəfindən reallaşdırıldığı üçün, hüceyrənin içindəki sQMF  nisbəti sürətlə azalar. 
                      Bəs bütün bunların görmə ilə əlaqəsi nədir?. Bu sualın  cavabını tapmaq üçün, bu maraqlı kimyəvi reaksiya zəncirinin son mərhələsinə  baxaq. Hüceyrə içindəki sQMF sıxlığının azalması, hüceyrə içindəki "ion  kanalları"na təsir göstərəcək. İon kanalları dediyimiz şey, hüceyrə içindəki  natrium ionlarının sayını tənzimləyən zülallardır. Əslində sQMF molekulları  hüceyrəyə kənardan natrium ionları daşıyır, başqa bir molekul isə artıq ionları  kənarlaşdırır və beləliklə də, tarazlıq təmin edilir. Ancaq sQMF molekullarının  sayı azaldıqda, hüceyrədəki natrium ionlarının da sayı azalır. Bu azalma hüceyrə  daxilində elektrik tarazsızlığı yaradır. Bu elektrik tarazsızlığı, hüceyrəyə  bağlı olan sinir hüceyrələrinə təsir göstərər və bizim "elektrik xəbərdarlığı"  dediyimiz şey meydana gələr. Sinirlər bunları beyinə ötürər və orada da  "görmə" dediyimiz əməliyyat baş verər. 
                      Bir sözlə, tək bir foton, torlu qişadakı hüceyrələrin  təkcə birinə toxunmuş və bir-birinin ardınca baş verən zəncirvari reaksiyalar  sayəsində hüceyrənin bir elektrik xəbərdarlığı meydana gətirməsini təmin  etmişdir. Bu xəbərdarlığın şiddəti fotonon enerjisinə görə dəyişər, beləliklə də,  bizim "güclü işıq", "zəif işıq" dediyimiz anlayışlar  meydana gələr. İşin ən maraqlı tərəfindən biri, yuxarıda izah etdiyimiz bütün  bu kompleks reaksiyaların, ən uzağı saniyənin mində biri qədər qısa bir müddətdə  olub bitməsidir. Daha da qəribəsi, bu zəncirvari reaksiya tamamlandığı anda,  hüceyrə içindəki bəzi xüsusi zülalların, 11-cis-retinal, rodopsin, transdusin  kimi şeyləri yenidən əvvəlki hallarına qaytarmış olmasıdır. Gözə daima fotonlar  gəlir və gözün həssas hüceyrələrində gedən zəncirvari reaksiyalar, fotonların hər  birinin qəbul edilməsini təmin edir. 
                      Burada qısa şəkildə yekunlaşdırdığımız bu görmə əməliyyatının  əslində daha da mürəkkəb təfərrüatları vardır. Ancaq bu səthi izah belə, nə qədər  möhtəşəm bir sistemlə qarşı-qarşıya olduğumuzu göstərməyə kifayət edər. Gözün  içində elə kompleks, elə təfərrüatlı şəkildə düşünülərək meydana gətirilmiş bir  sistem vardır ki, gözün içində baş verən kimyəvi reaksiyalar, adı Ginnes Rekordlar  kitabına yazılmış məşhur domino daşları nümayişlərini xatırladır. Bu nümayişlərdə  on minlərlə domino daşı, növbəti domino daşını yıxacaq şəkildə düzülür və sonra  da yalnız ilk daşın yıxılması ilə bütün sistem hərəkətə keçir. Domino  daşlarından ibarət zəncirin bəzi nöqtələrində maraqlı mexanizmlər qurulur, məsələn,  bir daşın yıxılması kiçik bir kranı hərəkətə keçirir, kran, uzağa daşıdığı tək  bir domino daşını tam lazımi nöqtəyə qoyub aşıraraq yeni bir zəncirvari yıxılma  başladır. 
                      Əlbəttə ki, belə bir domino nümayişi izləyən bir insan,  bütün bu daşların və mexanizmlərin, olduqları yerə, küləklə, sellə və ya zəzələ  ilə "təsadüfən" gəldiklərini düşünməz. Hər daşın böyük bir diqqət və  şüurla öz yerinə yerləşdirildiyi aydındır. İnsan gözündəki zəncirvari reaksiya  da, "təsadüf" sözünü ağla gətirməyin belə axmaq olduğunu göstərir.  Sistem çox fərqli hissələrin çox həssas tarazlıqlarla bir yerə gəlməsiylə  meydana gəlmişdir və açıq bir "dizayn"ın göstəricisidir. Göz,  qüsursuz şəkildə yaradılmışdır. 
                      Tanınmış biokimyaçı Michael Behe “Darvinin qara  qutusu” adlı kitabında gözün kimyəvi quruluşu və təkamül nəzəriyyəsi haqqında bu  şərhi verir: 
                      Görmənin qara qutusunun ağzı artıq açılmış və  Darvinin 19-cu əsrdə etdiyi, dövrümüzdəki təkamülçülərin də hələ də etməyə davam  etdiyi kimi, bütün gözün yalnız anatomik quruluşunu qiymətləndirən təkamülçü şərhlər  artıq kifayət etmir. Darvinin sadə olduğunu zənn etdiyi anatomik mərhələlərin və  strukturların hər biri, həqiqətdə sözlərlə ört-basdır edilə bilməyəcək, heyrətamiz  dərəcədə kompleks olan biokimyəvi prosesləri əhatə edir. 
Görmə prosesinin davamı 
                      Bura qədər izah etdiklərimiz, yalnız sahildəki  adamın, dostundan əks olunaraq gözünə gələn fotonlarla olan ilk təmasıdır. Torlu  qişa hüceyrələri, bir qədər əvvəl izah etdiyimiz kompleks kimyəvi əməliyyatlar  sayəsində fotonları qəbul etmiş və elektrik siqnallarını meydana gətirmiş olar.  Bu siqnallarda elə bir məlumat vardır ki, barəsində danışılan dostun üzü, bədəni,  paltarı, saçının rəngi, ya da üzündəki kiçik bir iz belə işlənmişdir. Yalnız bu  adamın deyil, ətrafdakı hər cismin ən kiçik incəliyi belə nəzərdən qaçırılmamış  və elektrik siqnalları halında kodlanmışdır. Amma bir də bu siqnalların beynə  çatdırılması lazımdır. 
                      Torlu qişa molekullarının hərəkətiylə xəbərdar edilən  sinir hüceyrələri (neyronlar), reaksiya verər. Bu reaksiya kimyəvidir; bir  neyron hərəkətə keçdiyi anda səthindəki zülal molekulları birdən formalarını dəyişdirər.  Bu hərəkət, müsbət elektrik yükünə sahib natrium atomlarının axımının qarşısını  alar. Elektrik yüklü atomların axımındakı bu dəyişiklik, hüceyrənin içində gərginlik  fərqinin yaranmasına səbəb olar. Gərginlik fərqi, elektrik siqnalı deməkdir. Bu  siqnal, millimetr növündən ifadə edilən bir məsafəni qət etdikdən sonra sinir  hüceyrəsinin ucuna çatar. Lakin burada bir problem var: İki sinir hüceyrəsi  arasında bir boşluq var və elektrik siqnalının bu boşluq manesindən keçməsi  üçün xüsusi bir tədbir görülməsi lazımdır. Necə ki, bu tədbir görülmüşdür: İki  sinir hüceyrəsi arasında olan bəzi xüsusi sərbəst molekullar, siqnalı daşıma  işini öhdələrinə götürürlər. Bir millimetrin dörd bir hissəsi ilə qırxda bir  hissəsi qədər bir məsafə qət edərək digər neyrona çatır və mesajı təkrar göndərir.  Torlu qişadan gələn elektrik xəbərdarlığı, bu sayədə bir neyrondan digər bir neyron  hüceyrəsinə çatdırılaraq hərəkət edər və beynə çatar. 
                      Bu xüsusi siqnallar buradan vizual korteksə gedər.  Bu vizual korteksin qalınlığı 2,5 mm, tutduğu yer isə 13 kv. m2 olub,  bir-birinin üstündə yerləşmiş toxuma qatlarından meydana gəlmişdir. Bu təbəqələrin  birində təxminən 17 milyon neyron vardır. Gələn siqnalı ilk öncə 4-cü təbəqə qəbul  edər. İlk olaraq təhlil edər və məlumatı digər qatlardakı neyronlara çatdırar.  Hər mərhələdə hər bir neyron digər bir neyrondan siqnal qəbul edə bilər. 
                      Bu sayədə kənardakı adamın görünüşü beynin korteks  mərkəzində qüsursuz bir şəkildə meydana gəlir. Ancaq bir də bu adamın tanına  bilməsi  üçün, yaddaş hüceyrələrinə baxılması,  bu adamın üzü ilə yaddaşda bu adama aid məlumatların müqayisə olunması  lazımdır. Bu iş də müvəffəqiyyətlə həyata keçirilir. Ən kiçik bir incəlik belə unudulmaz.  Hətta adamın üzü, beyin korteksindəki görünüşdə, yaddaşdakı sifət məlumatına  görə bir qədər rəngsiz olarsa, adam bu fərqi hiss edəcək və "dostumun üzü bu  gün görəsən niyə solğundur" deyə düşünəcək. 
Salamlaşma
                      Beləliklə bir saniyədən daha da qısa bir müddətdə,  "görmə" və "tanıma" kimi iki ayrı möcüzə baş vermiş olar. 
                      Yüz milyonlarla işıq hissəciyindən gələn məlumat,  sahildəki adamın şüuruna çatmış, emal prosesindən keçmiş, bu vaxt yaddaş yoxlanılmış  və beləliklə də, adam öz dostunu tanımışdır. 
                      Tanışlıqdan sonra salamlaşma hissəsi gələcəkdir.  Adam, tanış insanlara qarşı verməsi lazım olan reaksiyanı, yenə saniyənin mində  biri qədər bir müddət ərzində yaddaş hüceyrələrindən tapıb çıxardacaq. Məsələn,  gülümsəməsinin və "salam" deməsinin lazım olduğunu müəyyənləşdirir. Bundan  sonra da, üz əzələlərinə nəzarət edən beyin hüceyrələri dövrəyə girəcək və bu əzələlərə  bizim "gülümsəmə" olaraq bildiyimiz hərəkəti etmələri üçün əmr verəcək.  Bu əmr yenə neyronlarla ötürüləcək və əzələlərdə yenə olduqca mürəkkəb əməliyyatlar  başlayacaq. 
    Eyni anda bir sıra əmrlər də boğazdakı səs  tellərinə, dilə və çənə əzələlərinə gedəcək və "salam" səsinin  çıxarılması üçün lazımi əzələ hərəkətlərini başladacaq. Bu səs çıxdığı anda,  hava molekulları bir yerə cəmlənib uzaqlaşmağa və özünə salam verilən dostun  qulağına doğru getməyə başlayır. Bu səs dalğaları qulaq seyvanı tərəfindən  toplanır. Səs, səfəri əsnasında saniyənin əllidə bir hissəsində 6 m yol qət edər. 
                      Adamın iki qulağının içində titrəşən hava, sürətlə  orta qulağa qədər olan məsafəni qət edər. 7,6 mm diametrində olan qulaq pərdəsi  titrəməyə başlayar. Bu titrəyiş üç kiçik sümüyə ötürülər. Beləliklə də, səs  titrəyişləri mexaniki titrəyişlərə çevrilər. Daha sonra isə bu sümüklərdəki titrəyişlər  daxili qulağa ötürülər və buradakı ilbizə bənzəyən latınca koklea (ilbiz) adlı strukturun  daxili boşluğunda olan perilimfa mayesini hərəkətə keçirər. 
                      Kokleanın içində fərqli səs tonları bir-birindən ayırd  edilir. Kokleanın içində, eynilə bir musiqi aləti olan arfadakı tellər kimi, müxtəlif  qalınlıqdakı incə tellər uzanır. Adamın dostunun səsi hal-hazırda, elə bil, bu  telləri çalır. "Salam" səsi, başlanğıcda aşağı tondan başlamış sona  doğru isə yüksəlmişdir. Əvvəlcə qalın tellər, sonra isə incə tellər titrəşər. Nəticədə  daxili qulaqdakı on minlərlə çubuq formalı cisimcik, öz titrəyişlərini eşitmə  sinirlərinə ötürər. 
                      Artıq "salam" səsi yalnız bir elektrik  siqnalıdır. Bu siqnal, eşitmə sinirləri içində beynə doğru sürətlə hərəkət edər.  Sinirlərdəki bu səfər, siqnallar beyindəki eşitmə mərkəzinə çatana qədər davam  edər. Nəhayət adamın beynindəki trilyonlarla neyronun böyük bir qismi, əldə  edilən görmə və eşitmə məlumatlarını qiymətləndirər. Adam dostunu qavramış və  onun salamını almışdır. İndi eşitdiyi salama cavab verəcəkdir. Yüzlərlə əzələnin,  saniyənin çox kiçik hissələrində bir-biriylə mükəmməl uyğunluqla çalışması nəticəsində  meydana gələn danışma hərəkəti baş tutacaq: Cavab vermək üçün beyində formalaşan  düşüncə, əvvəlcə danışılan dilə görə formalaşdırılır. Beyindəki broka zonası  deyilən və beynin nitq mərkəzlərini əhatə edən sahə, fəaliyyətdə iştirak edəcək  bütün əzələlərə lazımi əmrləri göndərir. 
                      Əvvəlcə ağciyər "isti hava" təmin edir.  İsti hava, nitqin xam maddəsidir. Bu mexanizmin ilk mərhələsi, atmosferdəki  oksigenli havanın içəri çəkilməsidir. Hava adamın burnundan daxil olar, burun  boşluğu, boğaz, nəfəs borusundan bronxlara, oradan da ağciyərlərə keçər.  Havadakı oksigen ağciyərlərdə qana qarışar. Qandakı tullantı maddəsi olan karbon  qazı isə havaya buraxılar. Artıq hava ağciyərlərdən çıxaraq çölə çıxmağa  hazırdır.
                      Ağciyərlərdən geri qayıdan hava boğazdan keçərkən,  səs telləri deyilən iki toxuma qıvrımı arasından keçər. Bu tellər, bir növ pərdəyə  bənzəyir. Bağlandıqları kiçik qığırdaqların göstərdiyi təsirə görə hərəkət edərlər.  Adam danışmadan əvvəl tellər açıq vəziyyətdədir. Danışıq əsnasında bir yerə gətirilir  və nəfəs verərkən çıxan hava ilə titrəşdirilir. Bu səsin tonunu da müəyyənləşdirər.  Tellər gərildikcə ton yüksələr. 
                      Hava səs tellərindən keçmək surətiylə səsləndirilmişdir.  Səsləndirilmiş hava, boğazın nəzarəti altında burun və ağız vasitəsilə xaricə  çatdırılır. Adamın ağız və burun quruluşu, səsinə özünəməxsus xüsusiyyətlər verər.  Dil damağa müəyyən qədər yaxınlaşıb uzaqlaşır, dodaqlar isə büzülüb yayılır. Bu  əməliyyatlarda bir çox əzələ, böyük bir sürətlə hərəkət edər. 
                      Adamın dostu eşitdiyi səsi, dərhal yaddaşındakı köhnə  səs qeydləri ilə qarşılaşdırar. Bu qarşılaşdırma sayəsində səsin  "tanış" bir səs olduğunu dərhal anlayır. Artıq iki tərəf də  bir-birini tanımış və salamlaşmışdır. 
                      Bütün bu izah etdiklərimiz, yalnız iki dostun  bir-birlərini görüb qarşılıqlı salamlaşa bilmələri üçün baş tutmalıdır. Bütün  bu fövqəladə əməliyyatlar, ağlasığmaz bir sürətlə və qüsursuz şəkildə reallaşar.  Bizim isə bunlardan xəbərimiz belə olmaz. Sanki çox asan və sadə bir iş görürmüş  kimi, görər, eşidər və danışarıq. Halbuki, bunların baş tutması üçün qurulmuş  sistemlər və baş tutan əməliyyatlar, xəyal belə edə bilməyəcəyimiz qədər mürəkkəbdir. 
                      Bu kompleks sistem, təkamül nəzəriyyəsinin əsla izah  edə bilmədiyi bənzərsiz dizaynlarla doludur. Görmə, eşitmə və fikir yürütmə  qabiliyyətlərinin necə meydana gəldiyi, əsla təkamülün "təsadüf"  inancıyla izah oluna bilməz. Əksinə, bütün bunların çox üstün bir Yaradıcı tərəfindən  qüsursuz şəkildə yaradıldığı və bizə verildiyi aydındır. İnsan, öz görmə, eşitmə  və ya düşünmə qabiliyyətini təmin edən sistemlərin necə işlədiyini belə tam şəkildə  qavramaqdan aciz olduğu halda, bu sistemləri yoxdan yaratmış olan Allahın  sonsuz ağlı və gücü ortadadır. 
                      Allah Quranda insanı bu həqiqət üzərində düşünməyə  və bunun müqabilində şükr edən olmağa dəvət edir: 
                    Allah sizi analarınızın bətnindən heç nə  anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür  edəsiniz (Nəhl surəsi, 78) 
                    Başqa bir ayədə isə belə buyurulur: 
                    Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur.  Siz çox az şükür edirsiniz.  (Muminun surəsi, 78) 
© 2016 Design Studio 313 | Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.